Gəncədə şagirdin məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı yeniyetmə saxlanılıb.

Heftelik.az-ın məlumatına görə, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub. Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov isə APA-ya bildirib ki, səhər saatlarında Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qabağında insident baş verib. Kənar şəxs məktəbə daxil ola bilmədikdə geri qayıdarkən məktənin şagirdi olan Rəhimov Raul Bəxtiyar oğlu ilə aralarında mübahisə yaranıb və nəticədə kənar şəxs şagirdə bıçaq zərbəsi vurub: “Hadisədən sonra dərhal təcili tibbi yardım çağırılaraq şagird xəstəxanaya çatdırılıb. Lakin şagirdin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər məktəbin şagirdi olub. Lakin valideynin ərizəsi ilə şagird kontingentindən çıxarılıb. O, hazırda məktəbdə təhsil almır. Bizdə olan məlumata görə, hadisə məktəbin qarşısında olub”.

 

***

saat 10.17

Yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb.

Baş Prokurorluğun Mətbuat xidmətind’n Heftelik.az-a verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

***

saat 10.12

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Heftelik.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Qeyd edilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, ölüb.

Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.