“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilib.
Əldə etdiyimiz məlumata görə, anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi açıq keçirilsə də hakimlər heyəti jurnalistləri iclas zalına buraxmayıb.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində blogerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin qolu amputasiya edilib.
Blogerə Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.