Qida məhsulları saxlanılan anbar yerləşgələrində nələrin nəzərdə tutulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Anbar binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Qida məhsulları saxlanılan anbar yerləşgələrində aşağıdakılar nəzərdə tutulmalıdır:
– gəmiricilərin dağıda bilmədiyi materiallardan boşluqsuz mühafizə konstruksiyaları;
– boşluqsuz və bütöv laylardan hazırlanmış xarici qapılar, darvazalar və lyuk qapaqları;
– ventilyasiya sistemləri kanallarının dəliklərinin bağlanılması üçün qurğu;
– divarlarda və hava kəmərlərində döşəmə səviyyəsindən 0,6 m-ə qədər hündürlükdə yerləşən ventilyasiya dəliklərinin və zirzəmi mərtəbələrində pəncərələrin polad torlarla (oyuqlarının ölçüləri 12×12 mm-dən çox olmayan) mühafizəsi. Pəncərələrin polad torlarla mühafizə konstruksiyaları açılan və ya çıxarılan olmalıdır.
Belə anbar binalarının layihələrində boru kəmərlərinin keçdiyi boşluqların (divar, arakəsmə və örtüklərdə) və yerləşgələrin mühafizə konstruksiyalarının birləşdiyi yerlərdə yarana bilən aralıqların (daxili və xarici divarların, arakəsmələrin bir-biri ilə, döşəmə ilə və ya örtüklərlə) tam doldurulması nəzərdə tutulmalıdır.
Qida məhsullarının saxlanılması üçün nəzərdə tutulmuş anbar yerləşgələrinin döşəmə örtüklərində qətran və qətran mastikaların tətbiqinə yol verilmir.