“Bu gün dünyada ən çox müzakirə olunan mövzulardan biri süni intellektdir. (Artificial İntelligence). Süni intellektin insan həyatına daxil olmasının büyük dəyişikliklərə gətirib çıxaracağı da sözsüz ki, qaçılmaz olacaq. Elə bu günlərdə keçirilən Davos forumunda da əsas müzakirələrdən biri bu sahə ilə bağlı idi.
Süni intellektlə bağlı ABŞ-ın Coursera şirkətinin kursları çərçivəsində İtaliyanın Politecnico di Milano Universitetinin “Artificial Intelligence: An Overview” (Süni intellekt: Baxış), “Ethics of Artificial Intelligence” (Süni intellektin etikası), “Artificial Intelligence and legal issues” (Süni intellekt və hüquqi məsələlər), Google Cloud tərəfindən təqdim olunan “Introduction to Generative AI” (Generativ AI-yə giriş), AI For Everyone (Hər kəs üçün AI) kurslarında oxuduğuma görə bəzi məlumatları paylaşmaq istərdim. Əvvəlcə onu deyim ki, Süni İntellektin tətbiq olunmasına Avropa ölkələri və Avropa təşkilatları, xüsusi ilə də Avropa İttifaqı daha çox səy göstərir. Süni intellektin tətbiqi indi gündəmdə olan məsələ olduğundan bu sahə üzrə kurslarda oxumaqda məqsədim həm sahəni öyrənmək, həm də süni intellektin bizim sahəyə tətbiqinin nə qədər mümkün ola biləcəyini araşdırmaq idi”.
Bunu ABŞ-ın beynəlxalq Coursera kursları çərçivəsində Süni intellektə dair bir neçə kursu bitirən AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. Coursera çərçivəsində üç istiqamətdə kurslar oxuyan şöbə müdiri süni intellektlə bağlı hazırda dünyanın aparıcı universitetlərində və texnologiya şirkətlərində gedən müzakirələrə diqqət çəkib:
“Deyim ki, seysmologiya sahəsində süni intellektin tətbiqi üçün hələ ciddi bir nəticə görünməsə də, bəzi elm sahələrində süni intellekt tezliklə tətbiq olunacaq. Avropa ölkələri, xüsusən də Avropa İttifaqına üzv olan ölkələr süni intellektin insanların gündəlik həyata gətirilməsində daha israrlıdırlar. Bəlkə də çoxları üçün maraqlı olar, İtaliya bu məsələdə xüsusi səy göstərir. İtaliyanın Politecnico di Milano Universitetində süni intellektin tətbiqi ilə bağlı daha çox araşdırmalar aparılır və artıq bu universitet bu sahədə ciddi nəticələr də əldə edib. Süni intellektin tətbiqi ilə bağlı Avropa universitetlərinin alumlərinin gəldiyi qənaət belədi:
- 2030-cu ilə qədər süni intellekt, yəni robortlar insan həyatına sürətlə daxil olacaq və bunu hər kəs öz həyatında hiss edəcək.
- Süni intellektin tətbiqi nəticəsində dünya üzrə 400-800 milyon insan iş yerini itirəcək. 500-840 milyon arası yeni iş sahələri yaranacaq
- İlk növbədə, istehsal sahələrində çalışanlar (fabrik və zavodlar), restoran işçiləri, xəstə baxıcıları, rentgen həkimləri, taksi sürücüləri, təmizlik işçiləri və tərcüməçilər işlərini itirəcəklər. Bu robortların kütləvi istehsalından sonra baş verəcək.
Avropa alimləri etiraf edirlər ki, bu dəyişiklik bir çox insanın işsiz qalması və yoxsullaşmanın artmasına səbəb ola bilər. Eyni zamanda süni intellektin tətbiqi bir sıra yeni peşələrin və fəaliyyət sahələrinin yaranmasına da səbəb olacaq ki buna görə hər kəs az-çox AI For Everyone (Hər kəs üçün Süni İntellekt) haqqında məlumatlı olmalıdır.
Narahatedici başqa məqam robortların tətbiqinin krminal hadisələrlə müşayət olunması, məsələn ölüm faktına səbəb olması ilə bağlıdı. Hazırda avropalı alimlər və hüquqşünaslar bunun üzərində “baş sındırırlar”, desək heç də yanılmarıq. Robotun tətbiqi zamanı baş verən krminal xarakterli hadisələrdə məsuliyyət kimin üzərində olacaq? Süni inttellektin yaradıcısı,robot istehsalçısı yoxsa süni intellektin tətbiqinin həyata keçirən tərəf?”
Şöbə müdiri əlavə edib ki, hazırda avropalı texnoloqlar və hüquqşünaslar nümunə olaraq götürülən xəstə baxıcısı(başqa sahə də seçilə bilər. Alimlər daha çox insan amilinə bağlı sahələrin üzərində hüquqi məsələləri nəzərdən keçirməyi vacib sayırlar) funksiyasını yerinə yetirən bir robotun üzündən bir insan həyatını itirərsə, bunun hüquq müstəvisində necə çözülə biləcəyi üzərində müzakirələri davam etdirirlər. Həmçinin süni intellektin tətbiqinin etik təsirləri də müzakirə mövzusu olan məsələlər sırasındadır. Bununla belə həm proqram yaradıcıları, həm də robotların istehsalına başlamaq üçün start gözləyən şirkətlər məsələlərin qısa zaman kəsiyində həllini tapmağa israrlıdırlar. Çünki onlar süni intellektin tezliklə iş yerlərinə daxil olmasında israrlıdırlar.
Başqa sözlə desək, indi nə xarici təşkilatlar, nə də dünyanın aparıcı şirkətləri işlərini görmək üçün insana pul vermək istəmirlər. Süni intellekt artıq insanların evinin kandarındadı. O kandarı keçəndən sonra insan həyatı necə dəyişəcək? Bunu indidən demək çətindi. Amma milyonlarla insanın işsiz və ac qalacağı indidən bilinir. Bunu da elə sahə üzrə araşdırma aparan alimlər deyir.