Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinin rəisi rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işinin aparılmasını təmin edir, ədliyyə orqanlarına qulluğa qəbul üzrə nazirliyin Müsabiqə Komissiyasının aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqələr və müsahibələr keçirməsindən, o cümlədən ali hüquq təhsili tələb olunmayan vəzifələrə namizədlərin seçimindən irəli gələn işləri təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarəsinin rəisi eyni zamanda tabe qurumların müsabiqə komissiyalarının tərkibinə Baş idarə əməkdaşının namizədliyinə dair təkliflər verir və onların həmin komissiyaların işində iştirakını təmin edir, habelə ədliyyə nazirinin və Nazirliyin Müsabiqə Komissiyasının tapşırığı ilə həmin qurumların müsabiqə komissiyalarının iclaslarında iştirak edir, müvafiq hesabatları, habelə Baş idarənin iş planını təsdiq edir, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir, səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə yoxlamaların keçirilməsi planını təsdiq olunmaq üçün Nazirliyin rəhbərliyinə təqdim edir, insan resursları ilə aparılan işlə bağlı Nazirliyin rəhbərliyinə hesabatlar təqdim edir.