Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcək.

Heftelik.az-ın məlumatına görə,  bu, Mərkəzi Bank tərəfindən təsdiq edilən “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda əlsini tapıb.

Qaydaya əsasən, kredit köçürməsi (ödəniş tapşırığı), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılmasıüçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən ödəniş xidməti istifadəçisinə kredit verilə bilər. Kredit Mülki Məcəlləyə uyğun olaraq bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verilir. Alınan kredit tam geri qaytarılmayanadək həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilmir. Təşkilatın məcmu kapitalı Qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verilə bilməz. Həmçinin, verilmiş kreditlərin ümumi məbləği təşkilatın məcmu kapitalının 10%-dən çox ola bilməz.

Qeyd edilib ki, kredit verildiyi tarixdən 2 ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və belə kreditlərin həcmi verilmiş kreditlərin ümumi məbləğinin 10%-ni aşdıqda təşkilat tərəfindən kredit verilmir. Ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.