Azərbaycanın uğurları, onun regionda aparıcı dövlətə, əsas söz sahibinə çevrilməsi, iqtisadi qüdrətinin artması, siyasi mövqelərinin güclənməsi Avropanın bir sıra dövlətlərini çox narahat edir. Bir çox hallarda işğalçı Ermənistanı açıq-aşkar dəstəkləyən, 44 günlük Vətən müharibəsində onların məğlubiyyətini həzm edə bilməyən Fransa və Almaniya kimi ölkələrin aparıcı rolda çıxış etdiyi Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə, yəni yanvarın 22-də AŞPA-da Azərbaycanın nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü almaniyalı deputat, Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.
Bu qabaqcadan planlaşdırılmış addım kimi qiymətləndirilməlidir. Qalmaqallı təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyildir. Avropanın bir çox aparıcı dövlətlərini Azərbaycanın 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi zamanı öz torpaqlarını işğaldan azad etməsi, 2023-cü ilin sentyabrında qazandığı Qələbəni daha da möhkəmləndirərək ərazi bütöblüyünü tam şəkildə bərpa etməsi, ölkəmizin inkişaf və tərəqqisi ciddi narahat etməyə başlayıb, müxtəlif səviyyələrdə gizli və açıq təzyiqlərə, çirkin kampaniyalar aparmağa başlayıblar. Aydın görünür ki, AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. Buna görə də belə çirkin əməllərə əl atır.
Bununla əlaqədar AŞPA-dakı nümayəndə heyəti düzgün qərar verərək bəyanatla çıxış edib. Bəyanatda qeyd edilib ki, AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qeyd edilib ki, qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Qeyd etmək lazımdır ki, AŞPA heç zaman Azərbaycana qarşı dürüst davranmayıb. Hələ ötən il oktyabrın 12-də bu qurum Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul etmişdi. Rəsmi Bakı o zaman həmin sənədi Avropa Şurasının Azərbaycana göstərdiyi ədalətsiz yanaşmanın növbəti təzahürü kimi qiymətləndirmişdi.
AŞPA 19-20 sentyabr hadisəsindən sonra erməni mənşəli sakinlərin könüllü olaraq Ermənistana qayıtmalarına tam başqa don geyindirməyə çalışmışdı. Antiterror tədbirləri ona görə həyata keçirilmişdi ki, ölkəmizə qarşı hərbi təhdidlər davam edirdi və buna son qoyulmalı idi. Ancaq AŞPA Azərbaycanın suveren hüquqlarını qorumasına yox, separatizmi dəstəkləyən Ermənistana arxa olmağa çalışmışdı.
Burada aşağıdakı sualın verilməsi yerinə düşərdi: Bəs demokratiyanı və insan hüquqlarını qoruyan bu qurum niyə 2020-ci ildə 44 günlük müharibədən sonra münaqişə və mina partlayışları nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə biganə qaldı?
Reallıqda isə odur ki, qurumda fəaliyyət göstərən bəzi avropalı nümayəndələr vətəndaşları olduğu ölkələrin destruktiv siyasətlərini AŞPA platformasında da yürütməyə çalışırlar. Buna görə də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması Qərbin siyasi riyakarlığı və sifariş kimi qiymətləndirilməlidir.
Daha bir sual insan və vətəndaş hüquqları, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini önə çəkən AŞPA niyə 30 il Ermənistanın işğal siyasətini qınamayıb? Keçən vaxt ərzində heç bir avropalı deputat Ermənistanın təşkilatın digər üzvünün torpağını işğal etməsinə görə ona hər hansı tədbirlə bağlı çağırış etmədilər, onların nümayəndə heyətinin AŞPA-da fəaliyyətini məhdudlaşdırmadılar?
Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa edib, bu gün keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prossesi gedir və bu işlər ölkəmizin öz daxili imkanları hesabına, heç bir xarici ölkə və beynəlxalq təşkilatların köməyi olmadan həyata keçirilir. Lakin bu nədənsə AŞPA-nın üzvlərini narahat edir. Etnik ermənilərin hüquqlarını qorumağa çalışan AŞPA Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və layiqli şəkildə geri qaytarılması ilə bağlı müraciətlərə məhəl qoymur. Bu, isə ikili standartlardan başqa bir şey deyildir.
Bu gün Azərbaycan Avropa təşkilatları ilə də sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Ancaq AŞPA-nın belə siyasəti onu gözdən salır və ona inamı sıfra endirir. Azərbaycan ədalətin tərəfindədir. Ölkəmizə qarşı təhdid, qarayaxama kampaniyası qəbulolunmazdır. AŞPA-nın fəaliyyətində irqçilik, İslamofobiya mühitinin varlığı göz önündədir. Bu qurum heç vaxt Azərbaycana səmimi münasibət göstərməyib və tribunalarında zaman-zaman ölkəmizə qarşı səsləndirilən iftiraların şahidi olmuşuq.
Qeyd edilənlərlə əlaqədar Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı təqdirəlayiq haldır.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü