Dələduzluqda təqsirləndirilən, Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının sabiq baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda vəkillər vəsatətlə çıxış edib.
Təqsirləndirilən şəxsin vəkili zərərçəkmiş Dəniz Əsədovanın anlaqsız halda ifadələr verdiyini bildirib, barəsində tibbi ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verib.
Hakim vəsatəti təmin etməyib.
Daha sonra zərərçəkmiş şəxsin vəkilləri təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib. Buna səbəb kimi iş üzrə şahidlərin çoxluğu və təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəyən zərəri ödəməməsi göstərilib.
Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən Rauf İsfəndiyarovun məhkəmə zalında həbs edilməsi ilə bağlı qərar çıxarılıb.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Rauf İsfəndiyarova bir neçə ay əvvəl Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə 3 zərərçəkmiş kimi müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyi tanınıb.
Məlumata görə, təqsirləndirilən şəxsin dövlətə vurduğu zərər 1 milyon 646 min manatdan çoxdur.
R.İsfəndiyarov müğənni Dəniz Əsədovadan aldatma yolu ilə 260 min və 59 min manat pul almaqda ittiham edilir.
Cinayət işi ilə bağlı ötən il həbs edilən R. İsfəndiyarov sonradan ev dustaqlığına buraxılmışdı.