Azərbaycanda bank rəsmi gəliri cüzi olan vətəndaşa külli miqdarda istehlak krediti verib. Bu, qanun pozuntusudur.
Heftelik.az-ın məlumatına görə, bunu ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, söhbət “Premium Bank”dan gedir. Belə ki, bank 2 il müddətinə rəsmi gəliri olmayan və ya 1000 manata kimi olan vətəndaşa 2,5 mln. manat məbləğində kredit verib. Bu müddət ərzində vətəndaş hər ay yalnız faizləri ödəməli olub.
Azərbaycan Mərkəzi Bankının “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları” və bundan əvvəl qəbul edilmiş qaydalarına əsasən kredit verilərkən onun qaytarılması üçün girov deyil, kredit götürən şəxsin gəliri əsas götürülür. Bank isə cüzi miqdarda gəlirə böyük həcmdə kredit verməklə BGN əmsalı (Borc gəlir nisbəti) ilə bağlı qaydaları pozub. Başqa sözlə, kreditlə bağlı girov əmlak qoyulması cüzi gəlirə 2,5 milyon kredit vermək üçün əsas deyil.
Əkrəm Həsənov sadalanan faktları nəzərə almaqla hesab edir ki, “Premium Bank”ın vətəndaşa verdiyi kredit həm qanunsuz olub, həm də digər vətəndaşın əmlakı ondan xəbərsiz girov qoyulduğu üçün etibarsız olub.
Məsələ ilə bağlı APA “Premium Bank”a sorğu göndərib. Sorğuya cavab olaraq bankdan bildirilib ki, məsələyə hazırda məhkəmə müstəvisində baxılmaqdadır: “Proses Ali Məhkəmədə davam edir. Əlavə şərhin verilməsinə zərurət yoxdur”.