Akkreditiv hesablaşmalar üzrə maliyyə əməliyyatları həyata keçirilərkən Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi (Operator) həmin vəsaiti qabaqcadan ödəniş kimi xəzinə uçotuna qəbul edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Təşkilatlar dövlət alışları, iş və xidmətlərin qəbulu sənədini və qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədini xərc istiqamətlərindən asılı olaraq aşağıda göstərilənlərlə birgə Operatora təqdim edir:
– əməkhaqqı və əməyin ödənişi ilə bağlı xərclər – əməkhaqqı hesablama cədvəlinin yekun məbləğlərini göstərən icmal cədvəl, birdəfəlik haqq-hesab, mükafat və sair əməliyyatlar üçün əmr, sərəncam və ya qərar;
– maşın, avadanlıq, aktivlər, mal və materialların alışları ilə bağlı xərclər –hesab faktura, ölkə daxili alışlar üzrə elektron qaimə-faktura (qaimə-faktura), malların alış aktı, elektron alış aktı və ya ölkə xaricindən alışlar üzrə yük gömrük bəyannaməsi;
– kommunal xidmətlər və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar ilə (mallara, işlərə, xidmətlərə) bağlı xərclər – hesab faktura, elektron qaimə-faktura və aktlar, abadlıq xərclərinə dair sənədlər;
– daxili ezamiyyə və ekspedisiya ilə bağlı xərclər – qanunvericiliyə əsasən əmr və ya sərəncam, ezamiyyə vərəqi, avans hesabatı, nəqliyyat xərcləri üzrə sənədlər və sair sənədlər;
– xarici ezamiyyə və ekspedisiya ilə bağlı xərclər – qanunvericiliyə əsasən əmr və ya sərəncam, ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasportun və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən müvafiq qeydlər edilən sənədin surəti, səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda “Ezamiyyə vəsiqəsi”, avans hesabatı, nəqliyyat xərcləri üzrə sənədlər və sair sənədlər;
– cari təmir, əsaslı təmir, tikinti və kommunal xətlərin çəkilişi ilə bağlı xərclər – hesab faktura, təhvil-qəbul aktı, elektron qaimə-faktura (qaimə-faktura), “Görülmüş işlərin qəbul aktı” (forma №2) və “Yerinə yetirilmiş işlər və xərclər haqqında arayış”( forma №3), qüsur aktı, beynəlxalq normalara uyğun hazırlanmış hesabatlar;
– digər iş və xidmətlər ilə bağlı xərclər – hesab faktura, elektron qaimə-faktura (qaimə-faktura), təhvil təslim aktı və sair sənədlər;
– sosial ödənişlərlə bağlı xərclər – sosial ödənişlərlə bağlı hesablama cədvəlinin yekun məbləğlərini göstərən icmal cədvəl;
– subsidiyalar ilə bağlı xərclər – dövlət büdcəsindən subsidiyaların ayrılmasını təsdiq edən sənədlər;
– faizlər üzrə ödənişlərlə bağlı xərclər – faizlərin ödənilməsi, borc vəsaitlərindən istifadəyə görə həyata keçirilən ödənişlərin ödənilməsini tələb edən kreditor qurumların hesab fakturaları;
– qrantlar və digər ödənişlərlə bağlı xərclər – maliyyə təyinatı üzrə əvəzsiz verilən qrantlar və digər ödənişlərin ayrılmasını tələb edən sənədlər;
– maliyyə aktivləri üzrə əməliyyatlar ilə bağlı xərclər – ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar, həmçinin valyuta, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, səhm və digər kapital, törəmə maliyyə alətləri və sair maliyyə aktivləri üzrə əməliyyatların aparılması tələb edən sənədlər (hesab faktura, kreditor qurumun müraciəti və s.);
– öhdəliklər üzrə maliyyə əməliyyatları ilə bağlı xərclər – dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatların, dövlətin qiymətli kağızlarının və istiqrazlarının satışından yaranan öhdəliklər, daxili və xarici borclanmadan yaranan öhdəliklər üzrə əməliyyatların aparılması üzrə tələb olunan sənədlər (hesab faktura, kreditor qurumun müraciəti və sair).