AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi  qərəzli davranışların arxasında  Fransa və erməni lobbiçilərinin ayırdığı qrantlar və maliyyələr, pula şirnikən siyasətçilər dayanır. Son 1 ildə baş verənlərə nəzər salmaq kifayətdir ki, AŞPA-nın  Fransanın və erməni lobbisinin əlində oyuncağa çevrilmiş bir quruma çevrildiyinin şahidi olasan.

Fəaliyyətləri ilə sübut edirlər ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib.

Ölkəmizin heç bir kömək olmadan, təkbaşına ərazi bütövlüyünü bərpa etməsi və suverenliyini bərqərar etməsi bu qurumda çoxunun kürkünə birə saldı. Onlar güclü, qüdrətli Azərbaycan adına qısqanclıqla yanaşırlar.

Müstəqil Azərbaycanın təkbaşına beynəlxalq hüququn  qəbul olunmuş normalarına uyğun olaraq öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etməsi Qərbin xoşuna gəlmədi.

Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Cənab Prezident  İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanla təhdid dili ilə danışmaq və onu nəyəsə məcbur etmək olmaz. Son addımları quruma etimadsızlıqdan başqa nəsə vəd etmir

 

Qəmər Cəfərova

Azərbaycan Dillər Universiteti