Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi Ədliyyə Nazirliyinin aparatının müstəqil struktur qurumudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının Ailə Məcəlləsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqı haqqında”, “Qrant haqqında”, “Notariat haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”, 2003-cü il 31 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nı, 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”, 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”, 2021-ci il 12 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Elektron notariat” haqqında Əsasnamə”ni və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. Baş idarə fəaliyyətini Nazirliyin sisteminə daxil olan qurumlarla, digər dövlət orqanları və beynəlxalq təşkilatlarla əlaqəli həyata keçirir. Baş idarə verilmiş səlahiyyətlər daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada balansda olan dövlət əmlakına sərəncam vermək hüququna, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara malikdir. Baş idarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirliyə ayrılmış vəsait və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.