Yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Heftelik.az-a bildirilib ki, araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Gəncədə 37 yaşlı kişinin qətlə yetirilməsinin bəzi təfərrüatları da məlum olub. APA-nın məlumatına görə, qətlə yetirilən 1987-ci il təvəllüdlü Vasif Həsənovun hadisəni törədən 1996-ci il təvəllüdlü Yaqub Həsənova 30 manat borcunun olduğu, qətlin bu səbəbdən baş verdiyi bildirilir.
Buna görə Yaqub Həsənov ötən gün Vasif Həsənovun yaşadığı ünvana gələrək ona zəng edib və çölə çağırıb. Bu zaman onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı Yaqub Həsənovun Vasif Həsənovun qarın nahiyəsinə bıçaqla vurduğu bildirilir.
Vasif Həsənov xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Qətlə yetirilən 37 yaşlı V.Həsənov ailəli olub, 4 övladı var.