Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinin ikinci mərhələsi təşkil edilib.
Heftelik.az-ın məlumatına görə, Goranboy rayonu Nadirkənd kənd tam orta məktəbdə təşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında qonaqlara və iştirakçılara layihə haqqında ətraflı məlumat verib. Daha sonra Goranboy rayonunun Muzdurlar kənd şəhidi mayor Əlövsət Məmmədovun atası Əli Məmmədov şəhidlərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən qayğıdan ətraflı söz açıb. Çıxış edən Nadirkənd kənd orta məktəbinin direktoru Əminə Qasımova, Nadirkənd kənd bələdiyyəsinin sədri Əli Ağayev, Vətən müharibəsi iştirakçısı, qazi Xəyyam Abbasov layihənin əhəmiyyətindən bəhs edərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirin ikinci hissəsində vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində Goranboy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin əməkdaşı, təlimçi Sevlan Rüstəmli tərəfindən “Vətən və vətənpərpərvərlik” mövzusunda təlim keçirilib, daha sonra isə intellektual yarış təşkil edilmişdir.
Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə edəcək “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak edəcək.