Abşeron rayonu Məmmədli kəndinin bir qrup sakini, Məmmədli İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə müraciət ediblər.
Heftelik.az xəbər verir ki, sakinlər yaşadıqları ərazisinin qrunt suları, eləcə də kanalizasiya tullantıları ilə dolmasından şikayət ediblər.
Bildirilib ki, ərazi hazırda qrunt suları, eləcə də kanalizasiya tullantıları ilə dolub, evlərin zirzəmilərini, həyətləri, yolları su basıb, gediş-gəliş pisləşib, həmçinin ekoloji şərait kəskin hal alıb.
Sakinlər diqqətə çatdırıblar ki, qrunt sularının daşmasının əsas səbəblərindən biri ərazidəki sututar və göllərin doldurulması, doldurulan ərazilərin satılmasıdır. Sakinlər qrunt sularının daşması hallarının artması nəticəsində fərdi yaşayış evlərinin uçmasından ehtiyat edirlər. Bu, həm də yoluxucu xəstəliklərin yayılması mənbəyinə çevrilə bilər.
Sakinlər bu problemin illərlə davam etdiyini vurğulayıblar. Özləri müxtəlif vasitələrlə problemi aradan qaldırmağa cəhd göstərsələr də bir nəticə əldə edilmədiyini diqqətə çatdırıblar. Üstəlik əraziyə illərdir kanalizasiya xəttinin çəkilməməsi də problemin davam etməsinin əsas səbəblərindəndir. Əlaqədar qurumlara dəfələrlə müraciət edilsə də hələ ki, bir nəticə yoxdur.
Lakin “ümid sonda ölər” deyimini rəhbər tutan sakinlər məsələ ilə bağlı yenidən Məmmədli İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə müraciət ediblər. Nümayəndəlikdən onlara əraziyə baxış keçiriləcəyi və qısa zamanı məsələnin həlli ilə bağlı problemin aradan qaldırılacağı bildirilib.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin və İcra Hakimiyyətinin başçısının bu sahədə məsuliyyəti “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” də əksini tapıb. Yerli icra hakimiyyəti orqanı məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görməli, müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməli, müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak etməli. insan üçün təhlükəli olan və sosial əhəmiyyət kəsb edən xəstəliklərin yayılması, o cümlədən baş vermiş və ya baş verməsi ehtimal olunan yoluxucu və kütləvi qeyri-yoluxucu (zəhərlənmə) xəstəliklərin, həyata keçirilən sanitar-epidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işini təşkil etməli, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirməli, məişət tullantılarının yığılması və daşınması işini təşkil etməli, müvafiq ərazidə ətraf mühitin mühafizəsinin həyata keçirilməsi ilə bağlı tədbirlər görməlidir.
Sakinlər yaranmış acınacaqlı, insan həyatı üçün təhlükəli vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə də müraciət ediblər. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də COP29-un keçiriləcəyi bu ildə yaranmış acınacaqlı ekoloji vəziyyətə biganə qalmayacağına ümid edirlər.
Məsələni diqqətdə saxlayacağıq.