Müvəkkil banklardan vəsaitlərin qaytarılması qaydası müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Təşkilatın xəzinə hesabı vasitəsilə kassa əməliyyatları aparılaraq müvəkkil banklara köçürülmüş vəsaitlər həmin banklar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xəzinə hesabına geri qaytarıldıqda maliyyə əməliyyatları aşağıda göstərilən ardıcıllıqla həyata keçirilir:
– xəzinə hesabına vəsait geri qaytarıldığı tarixdən həmin hesabın sərəncamçısı olan təşkilat bu vəsaitin xəzinə uçotunda nəzərə alınması üçün 2 iş günü ərzində “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi” (XİİS) vasitəsilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə (Operatora) müraciət edir;
– Operator 2 iş günü ərzində həmin hesabın xərclərinin bu Qaydada müəyyən edilmiş əməliyyatlar nəzərə alınmaqla azaldılmasını təmin edir.
Cari büdcə ilinə məxsus vəsaitlər növbəti büdcə ilində müvəkkil banklar tərəfindən geri qaytarıldıqda, həmin vəsaitlərə dair bu Qaydanın qeyd olunan müddəaları tətbiq edilmir. Bu zaman həmin vəsait müvafiq olaraq gəlir formasında xəzinə uçotuna qəbul edilir.