“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Zərərçəkmiş Tariyel Əhmədovun kürəkəni Babək Aslanov ifadəsi zamanı ilk vaxtlardan Müşviq Atakişiyevdən şübhələndiyi deyib: “Mənə demişdilər ki, Tariyel yıxılıb. Yasa gələndə Müşviqlə dalaşdım. Dedim Tariyelin ölümündə sənin əlin var. Sonra onu yasdan qovdum. Tariyel Əhmədov mənimlə hər şeyi danışırdı. Deyirdi ki, onunla yola getmirik. Bu işdə birinci məndən şübhələnirdilər. Neçə il dedim mən heç nə etməmişəm, günahkar Müşviqdir. İstintaq yenidən başlayanda da mənim adımı yazmışdılar”.
Daha sonra təqsirləndirilən Dəyanət Quliyevin qardaşı Xalid Quliyev ifadə verib. O, ifadəsində hadisədən xəbəri olmadığını deyib: “Dəyanət qardaşımdır. Samir də qonşumuz olub. Yoldaşı məni yığdı ki, bəs Dəyanəti polis aparıb. Dəyanət həmişə deyirdi ki, ürəyimdə bir sirr var, amma deyə bilmirəm. Bir dəfə Dəyanətin qızı Fəridə mənə dedi ki, bəs atam içkili olanda hadisıni ona danışıb. Dedim səbrli ol, heç yerdə danışma. Samirlə bir dəfə dalaşanda o mənə dedi ki, nəslinizin ipi əlimdədir. Mən də nə dediyini başa düşmədim”.
Sonda ifadə verən təqsirləndirilən Samir Quliyevin qardaşı Rövşən Quliyev hadisə baş verən zaman ölkədə olmadığını deyib: “2010-2023-cü ilin yanvarına qədər Rusiyada işləmişəm. Bura gələndə anam Samirin narahat olduğunu dedi. Özü ilə danışdım heç nə demədi. Dəyanət tutulandan sonra Samir çox narahat idi. Tutulmamışdan 10 gün qabaq anamla danışıb. Hər şeyi ona deyib. Mən də həmin vaxt onunla danışdım. Dedi ürəyimdə bir sirr var, deyə bilmərəm. Daha sonra anam mənə Samirin dediklərini söylədi. Samir tutulandan sonra təcridxanada yanına getdim. Orada olanda mənə bütün məsələni danışdı. Dedi ki, sifarişi Dəyanət verib. Dəyanət ona 30 min dollar pul, ev, maşın və həyatını yaxşılaşdıracağı sözünü verib. Sonra bu vədinə əməl etməyib. Dəyanət Samirə müəyyən vaxtlarda xırda məbləğlər verib. Dəyanət Samirin Müşviqlə görüşməyini istəmirdi. Samir hər dəfə görüşmək barədə danışanda Dəyanət söhbəti fırladırmış. Dəyanət bu illər ərzində Müşviqdən Samirin adına pullar alıb”.
Bundan başqa, ifadə verən digər şahidlər Müşfiq Atakişiyevlə Tariyel Əhmədov arasında əvvəllər yaxşı münasibət olduğunu, sonradan problem yarandığını, aralarında yaranan problemin vəzifə üstündə olduğunu bildiriblər.
Tariyel Əhmədovu kiminsə öldürməsini yox, ürək tutmasından öldüyünü deyən digər şahidlər sonradan onun öldürüldüyünü öyrəndiklərini açıqlayıblar.
Məhkəmə prosesi fevralın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.