Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə bilər.
Heftelik.az-ın APA-ya istinadən verdiyi nəlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir: “Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1 il 6 ay, ali təhsillilər üçün 1 il müəyyən edilib. Təklifim ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları barədədir. Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan ölkə, yəni Türkiyənin təcürbəsində də həyata keçirilir. Bildiyiniz kimi, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur. Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Gənclərin savadlı kadr olaraq yetişdirilməsi dövlətin vəzifələrindən biridir. Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər”.
Qeyd edək ki, Elnur Allahverdiyev məşhur biznesmen olub, “Kontakt Home”-nin sahibi kimi daha çox tanınıb. Deputat bir mddət əvvəl yaxın qohumlarının səs-küylü qətl törətməsi ilə gündəmə gəlib.
Söhbət rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işindən gedir. İttiham aktına görə, hadisə bu il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. Təqsirləndirilən şəxslər K.Bəkirovun əvvəlcədən guya kimisə işə düzəldəcəyi adı ilə aldadıb Maştağa qəsəbəsinə çağırıb və avtomobil əyləşdiriblər. Daha sonra Namiq Əliyev əvvəlcədən silah kimi aldığı şampan şüşəsi ilə onun baş nayihəsinə iki zərbə endirib. K. Bəkirov zərbənin təsirindən huşunu itirdikdən sonra onu qətlə yetirib. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyitin sinəsinə ağır dəmir parçası bağlayaraq su quyusuna atıblar. Daha sonra onlar 285 min manatı götürərək hadisə yerindən qaçıblar.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyən edilib. Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.
Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər şirkətdə hüquqşünas işləyib.
Namiq Əliyev isə bankda şöbə rəhbəri çalışıb, dəfələrlə dövlət qurumlarına fərdi layihələr verib.
Mustafa Zeynalov Elnur Allahverdiyevin dayısıdır. Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.