Azərbaycan öz xarici siyasət xəttinə uyğun olaraq xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığını qurarkən onun bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında reallaşdırılmasına çalışıb. Lakin, bəzi təşkilatlar Azərbaycanın xoş niyyətlərindən sui-istifadə edərək öz çirkin məqsədləri üçün ölkəmizə qarşı yalan və iftira dolu genişmiqyaslı qarayaxma kampaniyasını aparırlar. Onlardan biri də Avropa Şurası və onun Parlament Assambleyasıdır”.

Heftelik. az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, 2001-ci ildə böyük həvəslə və nikbinlik hissi ilə Avropa Şurasına üzv olduq, bu üzvlükdən böyük gözləntilərimiz var idi, faydalı və səmərəli əməkdaşlıq gözləyirdik, bu təşkilatın Qarabağ probleminin həll olunmasına, ərazi bütövlüyümüzün bərpasına, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın pozulmuş hüquqlarının bərpasına dəstək verəcəyinə inanırdıq: “O zaman üzərimizə götürdüyümüz bütün öhdəlikləri bu illər ərzində vicdanla yerinə yetirdik: ölüm hökmünü ləğv etdik, əksər Avropa Konvensiyalarına qoşulduq, milli qanunvericiliyimizi həmin sənədlərin müddəalarına uyğunlaşdırdıq, seçki qanunvericiliyini təkmilləşdirdik, Avropa standartlarına uyğun məhkəmə-hüquq islahatları həyata keçirtdik, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıdıq, Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıq qurduq və sair və ilaxır.

 

Bəs bu siyasi riyakarlıq yuvası bizə nə verdi? Nəyi bəxş etdi? Ədalətsizlik bəxş etdi, qərəzli münasibət sərgilədi, anti-Azərbaycan mövqeyini üzə çıxartdı. Makronların, Şoltsların, Borellərin, Şvabların qərəzli rəylərini əsas tutdu, illər boyu Azərbaycanla bağlı qəbul etdiyi bütün qərarları daxilindəki ermənipərəst qüvvələrin diqtəsi ilə siyasiləşdirdi. Siyasi sirkə bənzəyən bu qurum ölkəmizin daxili işlərinə qarışmağa, diqtə, şantaj və təhdid dilində danışmağa, Azərbaycanı Avropa dövlətlərinin və xalqlarının düşməninə çevirməyə cəhdlər göstərdi. Amma alınmadı! Nə qədər çalışsa da alınmadı!

 

Bu cür vəziyyətdə nümayəndə heyətimiz yeganə düzgün qərar qəbul etdi. Bu məsələdə heç bir güzəşt edilə bilməzdi! Ya Azərbaycanın, digər üzvlərlə yanaşı, bərabər hüquqları olmalı idi, bərabər münasibət bəslənməli idi, ya da bu qərəz, ədalətsizlik və xainlik məkanından uzaqlaşmalıydıq.

 

Heç bir şübhə yoxdur ki, bu qərar Azərbaycan üçün deyil, Avropa Şurası və onun qurumları üçün ciddi fəsadlarla nəticələnəcək, statusuna və nüfuzuna birmənalı olaraq xələl gətirəcək, Cənubi Qafqazdakı mövqelərini sıfıra endirəcək.

 

Hesab edirəm ki, Avropa Şurasının bu cür münasibətinə və ikili standartlar siyasətinə mütənasib cavab verilməlidir, bu qurumla münasibətlərə və birgə layihələrə yenidən baxılmalıdır, bu psevdoqurum nə itirdiyini anlamalıdır”.