Müxtəlif sahələrdə uğur qazanan Azərbaycan gəncliyi ölkə həyatının müxtəlif sahələrində böyük müvəffəqiyyətlə təmsil olunur, öz bilik və bacarıqlarını nümayiş etdirməkdədirlər. 1998-ci il avqust 12-də Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş konfransda hər il avqust 12-nin dünyada Gənclər Günü qeyd olunur. Tarixi zamanlarda olduğu kimi hər bir xalq özünün uğurlu gələcəyi və inkişafı ilə bağlı ümidlərini gənc nəsillə əlaqələndirir. Peşəkar, savadlı kadrların formalaşması hər bir ölkənin əsas prioritet istiqamətlərindən biri hesab olunur. Çünki nəsillər dəyişir, ölkələr hər bir dövrdə inkişaf edir, lakin milli dəyərlər yaşayır. Gənc nəslin vətənpərvərlik və vətənə qayğı ruhunda tərbiyə olunması xalqın rifahının, ölkə gələcəyinin çiçəklənməsinin əsas göstəricisidir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərini, doğma ana dilimizi, ata-babalarımızdan qalan adət-ənənələrimizi sadiq qalaraq qoruyub saxlamaqdadır. Bildiyimiz kimi, bu gün Azərbaycan Respublikası ictimai həyatın bütün sahələrində olduğu kimi gənclər sektorunda da böyük uğurlara imza atmışdır. Həyata keçirilmiş dövlər proqramları nəticəsində son 15 ildə 1,2 milyondan çox iş müəssisələri yaradılıb ki, buda gənclərin məşğulluğunun artırılmasına səbəb olub. Xüsusi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hər zaman gənclərə xüsusi diqqət göstərmiş, gənclərin inkişafında maneə yaradan problemlərin həll edilərək gənc nəslin uğurlu inkişafına nail olunması Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin gənc nəslə olan qayğısı yalnız müstəqillik illərində deyil, Sovet dönəmində də müşahidə olunmaqda idi. Ötən əsrin 70-ci illərində məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən artıq Azərbaycan gənci SSR-nin 170-dən çox təhsil müəssisələrində ali təhsil pilləsini qazanmışdılar. Müstəqilliyimizi əldə etdikdən sonra ölkə həyatında ürək açan hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Belə ki, Ulu Öndər dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən etibarən gənclərin peşəkar kadr kimi formalaşması və onların inkişafına nail olunması ölkənin əsas prioritet vəzifəsi olmuşdur. Ulu Öndərin hakimiyyətin ilk illərində gənc nəslə olan qayğısını göstərən bir daha sübut edən məqamlardan biri də, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü olmuşdur. 2 fevral 1996-cı il isə Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi, Azərbaycan gəncliyinin həyatında yeni mərhələnin başlanğıcını qoymuşdur. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ulu Öndər “ 2 fevral- Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Beləliklə, bu tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük sevinc ve təntənə ilə qeyd olunur. Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu Öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti Haqqında” Fərman imzalamışdır. Fərmana müvafiq olaraq “Gənclər Gənclər Siyasəti Haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmiş və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanmışdır. Beləliklə, Ulu Öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətimizin sağlam təməlini qoymuşdur. Bu gün böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq olunması haqqında” və 2006-cı il aprelin 17-də imzaladığı “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, 2011-ci il iyulun 7-də imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq olunması haqqında” sərəncamlar mövcud siyasətin daha da inkişaf etdirilməsinə təkan verərək gənclərin istedadının aşkara çıxarılmasında, ictimai fəallığının artırılmasında, onların dövlət idarəçiliyinə cəlb olunmasında, sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynayıb. Həyata keçirilən Dövlət proqramları müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaratmışdır. Dövlət proqramlarının icrası ilə bağlı 2011-ci ildə yaradılan Gənclər Fonduna ayrılan vəsaitin yardımı ilə nəzərdə tutulan işlər də uğurla həyata keçirilməkdədir. Gənclər Fondunun vəsaiti hesabına gənclərə yönəlmiş strateji layihələrə dəstək verilir, gənclərin elmi, yaradıcılıq baxımdan inkişafına, beynəlxalq əlaqələrinin qurulmasına, gənclər təşkilatlarının irimiqyaslı lahiyələrin icrasına yardım edilir. 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər Mükafatı”nın təsis edilməsi də olduqca mühüm addımdır. Mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 manat məbləğində müəyyənləşdirilib. Qeyd olunan mükafat elm sahəsində gənclər arasında rəqabət mühitini formalaşdırmaqla bərabər elm sahəsində uğurlar əldə etmiş gənc alimlərin fəaliyyətinə ciddi stimul verməkdədir. Bundan əlavə, dövlət başçısının “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür. Bölgələrə səfəri zamanı gənclərlə görüşlərinin birində Prezident İlham Əliyevin söylədiyi kimi, gənclərin xarici ali məktəblərdə təhsil almasına dövlət dəstəyi 2015-ci ildən sonra da davam etdiriləcək.
Rəhman Məmmədov
Azərbaycan Dillər Univeristenin Məzunu