Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
Heftelik.az-ın məlumatına görə, qərara əsasən, nikaha daxil olmaq haqqında ərizə təqdim edildikdə qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə əldə ediləcək.
Bu mümkün olmadıqda həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə ediləcək. Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınacaq.
Nikah qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılacaq. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstəriləcək. Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının dövlət qeydiyyatı “Elektron məhkəmə” informasiya sistemindən ı Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş nikahın pozulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparılacaq.