Sentyabr ayının 1-dən avtomobil sahibləri öz köhnəlmiş avtomobillərini utilizasiyaya verə biləcəklər. Bunun qarşılığında fondda formalaşmış vəsait hesabına gətirilən avtomobilin təsnifatına uyğun olaraq ödəniş əldə edəcəklər.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər bu yerli istehsal olunan yeni nəqliyyat vasitəsinin alınmasına yönəlirsə, tam həcmdə, əgər başqa məqsədlər üçün istifadə nəzərdə tutulursa, onun 70 faizi qədərində birdəfəlik ödəniş alacaqlar:
“Bu, istər xarici nəqliyyat vasitəsi almaq, istərsə də başqa məqsədlə ola bilər. Fond təkcə idxal olunan nəqliyyat vasitələri hesabına yox, eyni zamanda, digər mənbələrdən də formalaşa bilər”
Faiq Mütəllimov qeyd edib ki, gedişatdan asılı olaraq güzəşt məbləğlərinin artırılmasına baxıla bilər: “Fondun formalaşması barədə qanun yeni qanun olub. Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata uyğun olaraq məsələyə, rəqəmlərə təkrar baxıla bilinər. Əgər tələbat çox olarsa, ödənişlər növbəlilik əsasında həyata keçiriləcək”.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”na əsasən, utilizasiyaya verilən nəqliyyat vasitəsinə görə tətbiq edilən güzəştin məbləği aşağıdakı kimi müəyyən edilir:
Sıra №-sı | Nəqliyyat vasitələri | Təsnifat | Güzəşt məbləği (manatla) |
1.1. | Kvadrisikl və təkərləri dörddən az olanlar | L | 200 |
1.2. | Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar | M1, M1G | 1500 |
1.3. | İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar | N1, N1G | 1500 |
1.4. | Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə olunanlar |
M2, M2G |
2000 |
1.5. | İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar | N2, N2G | 2000 |
1.6. | Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar | M3, M3G | 3000 |
1.7. | İcazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar | N3, N3G | 3000 |
1.8. | Təkərli və tırtıllı traktorlar | T, TK, TT | 2000 |
1.9. | Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər | H, HT | 3000 |
1.10. | Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar | HK | 3000 |
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği güzəşt məbləğinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir.
Beləliklə, mövcud qərara əsasən köhnə minik avtomobillərini utilizasiyaya verənlər təzə avtomobil almaq istəyirlərsə, bu halda verilən sənəd əsasında təzə avtomobil aldıqları zaman həmin sənəd əsasında onlara 1500-2000 manat güzəşt ediləcək. Əgər şəxs köhnə avtomobilini utilizasiyaya verərək nəğd pul almaq istəyirsə, bu halda 1500-2000 manatın 70 faizi, yəni 1050-1400 manat veriləcək.