“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən il komandadan ayrılan braziliyalı futbolçu Kadi Borxes barədə danışıb.
Heftelik.az-ın məlumatına görə, təcrübəli mütəxəssis futbolinfo.az saytına müsahibəsində vingerin addımının yanlış olduğunu bildirib:
“Məncə də. Bəzilərinin beynini elə doldururlar ki… Orada elə olacaq, belə olacaq və s. Futbolçunun bacarığını şişirdir, onu burada az dəyərləndirildiyinə inandırırlar. Onlar bu günü düşünürlər, sabahı yox. Ən çox da yerli futbolçuların belə tora düşməsindən narahatam. Biz bu yöndə də işimizi yaxşılaşdırmalıyıq, oyunçuların menecerinin sağlam adam olmasına əmin olmalıyıq. Hər menecer futbolçuya düzgün yol göstərmir, bəzən onların karyerasına zərbə vururlar. Halbuki bəzi futbolçular var ki, onların öz komandaları olur. Məsələn, Kadidə güc, sürət, düşünmə bacarığı var idi. Amma onun yeri məhz “Qarabağ” idi, burada ən yaxşı oyununu göstərirdi, gərək getməzdi. 5-10 manat artıq qazanmaq imkanı ola bilər, amma futboldan həzz alması üçün “Qarabağ”da qalmalıydı. Avropa klubları ilə fərqimiz həm də kaprizlərlə bağlıdır. Biz bəzən hansısa oyunçudan ən yaxşısını almaq üçün onun bəzi kaprizlərinə göz yumuruq, Avropada isə belə deyil.
Kadi bizim uşağımızdır, qayıtsa, istəyərəm. Onun həyatı ilə maraqlanmışdım, çox əziyyət çəkmiş biridir. Çox kasıb olub, demək olar, yaşamaq üçün oynayıb, Portuqaliyada aşağı liqanın autsayderində çıxış edirdi. Çox xatirələrimiz var, uşaqlıqda çox əziyyət çəkmişdi, buna görə onu daha çox istəyirdim. Ailəsinin ehtiyacları var idi, getməyi lazım bildi. Biz də pis şərait yaratmamışdıq. Gedən futbolçulardan kim qayıtmaq istəyibsə, qapımız açıq olub”.