Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan Prezident Rəcəb Tayyib Ərdoğandan istefasının qəbul edilməsini xahiş edib.
Heftelik.az-ın məlumatına görə, Hafize Gaye Erkan vəzifəsindən azad olmaq isədiyini X sosial media hesabında bildirib.
İqtisadi proqramın artıq nəticə verdiyinə diqqət çəkən Hafize Gaye Erkan qeyd edib ki, bütün müsbət nəticələrə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar ona qarşı böyük qarayaxma kampaniyası təşkil olunub: “Ailəmin və heç yaş yarımı olmayan günahsız övladımın bu prosesdən daha da təsirlənməsinin qarşısını almaq üçün Prezidentimizdən tutduğum vəzifədən azad edilməmi xahiş etmişəm”.
Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyə Prezidentinin iqtisadi komandaya və komandanın həyata keçirdiyi proqrama dəstəyi və etimadının ən yüksək səviyyədə olduğunu, Hafize Gaye Erkanın istefasının tamamilə şəxsi qərarı olduğunu bildirib. Mehmet Şimşək Hafize Gaye Erkana xidmətlərinə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Vitse-prezident Cevdet Yılmaz da Hafize Gaye Erkana xidmətlərinə görə təşəkkür edib.