Milli Məclisin yaz sessiyasının ilk iclasında – fevralın 1-də ən çox diqqət çəkən deputat Elnur Allahverdiyevin təklifi olub.
Heftelik.az-ın məlumatına görə, Elnur Allahverdiyev faktiki olaraq pul müqabilində hərbi xidmətə getməməyi təklif edib.
Deputat bildirib ki, hərbi xidmət 1 il 6 ay, ali təhsillilər üçün 1 il müəyyən edilib: “Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 ay, yaxud 6 ay müddətində keçmək olar….”.
Faktiki olaraq pul müqabilində hərbi xidmətə getməməyi təklif etməsi ilə Elnur Allahverdiyev personasına diqqət də artıb.
Tərcümeyi-halına qısa nəzər salsaq, Elnur Allahverdiyev 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Marat Allahverdiyevin oğludur. Ali təhsilini isə saxta tələbə qəbulu və saxta diplomları, qalmaqallı rektoru Elşad Abdullayevlə gündəmə gəlmiş və bağlanmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) alıb. Vikipediyasında yazılıb ki, 1995–1999-cu illərdə ABU-da hüquqşünaslıq üzrə ali təhsil alıb…
Ancaq Azərbaycan cəmiyyətində Elnur Allahverdiyev biznesmen kimi daha məşhurdur. “Kontakt Home”-nin sahibi kimi daha çox tanınıb. 2020-ci ildə “ABC-Telecom” MMC-nin Baş direktoru, 1 iyul 2021-ci ilə qədər “Azərcell” MMC-nin Müşahidə Şurasının sədri vəzifələri də tərcümeyi-halında əksini tapıb.
O da maraqlıdır ki, Elnur Allahverdiyev vikipediyasında həm də dövlət xadimi kimi təqdim edilir. Ancaq nə zamansa dövlətdə hansısa vəzifə tutması aydın deyil.
Deputat az əvvəl isə bir zaman “Kontakt Home”-da yüksək vəzifədə çalışmış yaxın qohumlarının pula görə səs-küylü qətl törətməsi ilə də gündəmə gəlib. Söhbət rəssam-modelyer Elnarə Bəkirovanın atasını 285 min manatı ələ keçirmək üçün öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işindən gedir. İttiham aktına görə, hadisə bu il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. Mustafa Zeynalov Elnur Allahverdiyevin dayısıdır. Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.
Yeri gəlmişkən, biznesmen kimi məşhurlaşmış Elnur Allahverdiyevin Milli Məclisdə sən təklifini səsləndirərkən bir çox deputat həmkarlarının üzündə təbəssüm və istehzanı da sezmək olardı…
Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də anadan olub, 3 övladı var. Bu yaşda insanların övladlarının da artıq hərbi xidmət yaşında olduğu məlumdur…
Bəs bütün bunların fonunda nədən deputat yaz sessiyasının ilk iclasında belə qalmaqallı çıxışı zəruri sayıb?!
Həm də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli hərbçilərimizin qanları, canları ilə Azərbaycanın ərazilərini işğaldan azad etməsindən, suverenliyimizi bərpa etməsindən sonra keçirilən ilk prezident seçkiləri dönəmində belə təklifin parlamentə səsləndirilməsi siyasi təxribat anlamına gəlmir ki?! Yaxud siyasi savadsızlığın təzahürü deyil ki?!
Yəqin ki, Milli Məclis rəhbərliyinin belə deputatlara siyasi məsələlərdə daha həssas davranmağı izah etməsi lazım gələcək.