Türkiyə Mərkəzi Bankının yeni sədri məlum olub.

Heftelik.az-ln məlumatına görə, qərar “Rəsmi Qəzet”də dərc olunub.

Bu vəzifəyə Fatih Karahan təyin olunub.

Bundan əvvəl Fatih Karahan Bankın sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan istefa verib.

Hafize Gaye Erkan bu gün  Prezident Rəcəb Tayyib Ərdoğandan istefasının qəbul edilməsini xahiş edib.

Hafize Gaye Erkan vəzifəsindən azad olmaq isədiyini X sosial media hesabında bildirib.

İqtisadi proqramın artıq nəticə verdiyinə diqqət çəkən Hafize Gaye Erkan qeyd edib ki,  bütün müsbət nəticələrə  baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar ona qarşı böyük qarayaxma kampaniyası təşkil olunub: “Ailəmin və heç yaş yarımı olmayan günahsız övladımın bu prosesdən daha da təsirlənməsinin qarşısını almaq üçün Prezidentimizdən tutduğum vəzifədən azad edilməmi xahiş etmişəm”.

Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyə Prezidentinin iqtisadi komandaya və komandanın həyata keçirdiyi proqrama dəstəyi və etimadının ən yüksək səviyyədə olduğunu, Hafize Gaye Erkanın istefasının tamamilə şəxsi qərarı olduğunu bildirib.  Mehmet Şimşək Hafize Gaye Erkana xidmətlərinə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Vitse-prezident Cevdet Yılmaz da Hafize Gaye Erkana xidmətlərinə görə təşəkkür edib.