Azərbaycan məqsədyönlü informasiya siyasəti həyata keçirməklə ölkəmizlə, ələlxüsus da artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına böyük önəm verir ki, bu da təsadüfi deyildir.

Artıq tarixdə qalan  Qarabağ münaqişəsi üç onillik ərzində həllini tapmadı. ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların nəticəsi sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Əslində, məsələnin dondurulması prosesi gedirdi. İşğalçı  Ermənistanın özü də ardıcıl və məqsədyönlü şəkildə danışıqlar prosesini pozmağa və işğal məhsulu olan keçmiş status-kvonu sonsuzadək davam etdirməyə çalışırdı. Düşmən dövlət danışıqlar prosesində hansısa bir pozitiv irəliləyiş baş verəndə dərhal təxribatlara əl atırdı. Müharibədən əvvəl işğalçı Ermənistan Tovuz istiqamətində iki ölkə arasındakı dövlət sərhədini pozmağa cəhd göstərdi. Bundan sonra düşmən dövlət respublikamızın ərazisinə diversant qrupları göndərdi. Bu kimi təxribatlarına ara verməyən işğalçı dövlət nəhayət, ötən il sentyabrın 27-də keçmiş təmas xətti boyunca mövqelərimizə qarşı hücum əməliyyatına başladı və Azərbaycan buna özünün layiqli cavabını verdi.Müharibədən əvvəl Prezident İlham Əliyev müxtəlif auditoriyalarda Azərbaycanın yaranmış vəziyyətlə barışmaq fikrində olmadığını qətiyyətlə diqqətə çatdırırdı. Azərbaycanın dövlət başçısı 44 günlük müharibə dövründə də eyni qətiyyətli mövqe sərgilədi. Prezident İlham Əliyev hələ müharibənin əvvəlində transmilli media qurumlarına verdiyi müsahibələrdə Azərbaycanın sülh istədiyini diqqətə çatdırmaqla yanaşı, qətiyyətlə bildirirdi ki, müharibə yalnız düşmənin işğal altındakı torpaqlarımızdan geri çəkiləcəyinə dair cədvəl təqdim edəcəyi təqdirdə dayandırıla bilər.

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə sayəsində regional əməkdaşlıq üçün gözəl imkanlar yaranıb. Azərbaycan bu imkanların reallaşmasına güclü siyasi iradə nümayiş etdirir.

 

Nəzrin Mayıllı

Bakı Qızlar Universiteti