Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Bəs yüksək səviyyəli rəsmilər hansı seçki məntəqələrində səs verəcəklər?
Heftelik.az Mərkəzi Seçki Komissiyasının saytına istinadən ictimaiyyət üçün də açıq olan məlumatları təqdim edir.
Beləliklə, Baş nazir Əli Əsədov 7 saylı Səbail Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) səs verəcək. Bu seçki məntəqəsi həm də Nazirlər Kabinetinin yanındadır. Milli Məclisin sədri Sahibə Qafarova 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 11 saylı seçki məntəqəsində (Əhalinin Mədəni Kütləvi Tədbirlər Otağı, Ə. Əliyev küçəsi 7A), Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 1 saylı məntəqəsində (M.Muxtarov 205, 60 saylı orta məktəbin binası), müdafiə naziri Zakir Həsənov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində (S.Rüstəm küçəsi 35, 164 saylı orta məktəb), daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Sərhəd Xidmətinin rəis Elçin Quliyev 20 saylı Nərimanov İkinci Seçki Dairəsinin 20 saylı məntəqəsində (Əhalinin Mədəni-Kütləvi Tədbirlər Otağı, M.K.Atatürk prospekti 33) səs verəcəklər.
Baş nazirin müavini Şahin Mustafayev 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 3 saylı məntəqəsində (132 saylı uşaq bağçası, H.B. Əliyev 1), iqtisadiyyat naziri Mikayıl Cabbarov 7 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində (Səbail rayonu, Zərifə Əliyeva küçəsi 8, Milli Musiqili Komediya Teatrı), xarici işlər naziri Ceyhun Bayramov 7 saylı Səbail Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində (Səbail rayonu, Zabitlər evi, S.Vurğun 14), maliyyə naziri Samir Şərifov 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 6 saylı məntəqəsində (Fəzail Bayramov küçəsi 10, 56 saylı orta məktəb) seçki hüquqlarından istifadə edəcəklər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 36 saylı seçki məntəqəsində (Səbail rayonu, Ü. Hacıbəyiv küçəsi 34, Azərbaycan Dövlət Pedaqoji Universiteti), Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 16 saylı Yasamal İkinci Seçki Dairəsinin 34 saylı seçki məntəqəsində (B.Ağayev küçəsi 100A, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binası), ədliyyə naziri Fikrət Məmmədov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində (Nəsimi rayonu, R.Behbudov küçəsi 11, K. Kərimov adına 8 saylı tam orta məktəb), təhsil naziri Emin Əmrullayev 24 saylı Nizami Birinci Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində (Nizami rayonu, A. Manafov küçəsi 22, Respublika GEM), səhiyyə naziri Teymur Musayev 17 saylı Yasamal Üçüncü Seçki Dairəsinin 24 saylı seçki məntəqəsində (61 saylı MKİS, M. Fətəli küçəsi 104), Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində (Yusif Səfərov küçəsi 7, 27 saylı orta məktəb) səs verəcəklər.