Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə dair xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çıxarılıbsa, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya iş üzrə icraata xitam verir.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsində əvvəllər qaldırılmış iş olarsa və qərar Azərbaycan Respublikası ərazisində tanınmalı və ya icra edilməlidirsə, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya ərizəni baxılmamış saxlayır. Əgər xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən və ya qəbul ediləcək qətnamə Azərbaycan Respublikasının ərazisində tanınmalı və ya icra olunmalı deyildirsə və yaxud iş Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətlərinə aiddirsə, yuxarıda qeyd edilən maddələrin nəticələri yaranmır.