Karantin tətbiq edilən canlı zərərli orqanizmlər Azərbaycan Respublikasının ərazisinə yalnız elmi-tədqiqat məqsədləri üçün və risk qiymətləndirilməsi həyata keçirildikdən və nəticələri məqbul hesab edildikdən sonra gətirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Azərbaycan Respublikasının ərazisinə idxal olunan qablaşdırılmış əkin və səpin materialları üzərində məhsulun adı, mənşə ölkəsi, istehsal yeri, istehsalçısı, genetik modifikasiyaya məruz qalmaması haqqında məlumatlar digər dillərlə yanaşı Azərbaycan dilində də olmalıdır. Həmçinin, kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir.
Kimyəvi və ya bioloji preparatlarla dərmanlanmış (işlənmiş) toxumlar mütləq qablaşdırılmalı, açıq şəkildə daşınmamalıdır.