“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Elm və Təhsil Nazirliyi bu qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Universitet Xankəndi şəhərində yerləşir.
Nizamnaməyə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamı ilə yaradılıb. Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:
– bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
– magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
– doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
– orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
– elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.
Nizamnaməyə əsasən, Universitetin nizamnamə fondu 10.000.000 (on milyon) manatdır.
Universitetin ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə ilə müəyyən olunur.
Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır.
Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası bu Nizamnamə və Nazirliyin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
Universitetdə tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılır. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
Universitetin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.
Rektor Universitetin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, Universitetin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.
Universitetin 5 (beş) prorektoru var. Universitetin prorektorlarının sayı Nazirliklə razılaşdırılmaqla dəyişdirilə bilər.
Prorektorlar Universitetin rektorunun təqdimatı əsasında Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Nazirliyin müəyyən etdiyi prorektor həyata keçirir.
Universitet təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Universitetin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.