Sair öhdəliklərinin inventarizasiyası prosesinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan sair öhdəliklərin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

– əmlakın (qiymətlilərin) uçot kartları;

– öhdəliklər üzrə uçot kitabı.

Mühasibat uçotu subyekti tərəfindən sair öhdəliklərin inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:

– qısamüddətli və uzunmüddətli pensiya öhdəlikləri;

– gələcək hesabat dövrünün gəlirləri;

– alınmış qısamüddətli və uzunmüddətli avanslar;

– qısamüddətli və uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar;

– digər qısamüddətli və uzunmüddətli öhdəliklər.

Sair öhdəliklər inventarizasiya olunarkən komissiya həmin öhdəliklərin sənədlərinə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir. Sair öhdəliklərin inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin həmin öhdəliklərin mövcudluğunu yoxlayır.