DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
Heftelik.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.
Lakin, təəssüf ki bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.
Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat məbləğində cərimə edilir.