Zaqatalada ə Zaqatala-Göyəm avtomobil yolunda üç məktəblini avtomobil vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Heftelik.az-a verilən məlumata görə, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub.

Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Zaqatalada baş verən ağır yol qəzasında ölən məktəblilərin kimliyi də məlum olub. Qəza zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə Zaqatala RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi də Zaqatalada 3 məktəblini avtomobil vurması ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub. Məktəblilərdən ikisi – İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.