Bakının məşhur “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı qalmaqalı yaradanın kimliyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu gün yaydığı açıqlamada bildirilib ki, 6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mülkiyyətçiyə şərt qoyduğu da məlum olub: “Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib”.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də məlumat yayaraq aidiyyəti qurumların əməkdaşları ilə birgə tikiliyə baxış keçirildiyini açıqlayıb. Məlum olub ki, nazirlik artıq cəmiyyətdə ciddi rezonans doğurmuş hadisəyə daha həssas yanaşmağa qərar verib: “Binanın qorunması, qəzalı vəziyyətə düşmüş memarlıq elementlərinin bərpası, eləcə də binada möhkəmləndirmə işlərinin aparılması planlaşdırılıb. Azadlıq prospekti 76 ünvanında yerləşən “Dostluq” kinoteatrının binası dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil. Kinoteatrın binası xüsusi mülkiyyətdədir. 1952-ci ildə inşa olunan tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təkliflərə baxılır”.
Qeyd edək ki, “Dostluq” kinoteatrının sökülərək yerində çoxmərtəbəli bina tikilməsi yönündə ilk xəbər isə 2021-ci ilin iyununda yayılıb. Ancaq həmin vaxt da məlumat cəmiyyətdə ajiotaja səbəb olduğundan söküntü məsələsi baş tutmamışdı. Medianın araşdırması zamanı məlum olmuşdu ki, “Dostluq” kinoteatrı Mədəniyyət Nazirliyinin (keçmiş Mədəniyyət və Turizm Nazirliyi) balansılnda olub, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin “fərasət”i sayəsində 2017-ci ilə özəlləşdirilməyə çıxarılıb, özəlləşdirilib. Ancaq o vaxt “Dostluq” kinoteatrını kimin özəlləşdirdiyi sirli-sehirli qalmışdı.
İndi aradan 3 ilə yaxın müddət keçəndən sonra “Dostluq” kinoteatrı eyni xəbərlə gündəmə gəlib və nəhayət, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi hərəkətə keçərək qəti addım atmağa qərar verib və kinoteatrın daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsinə baxır. Bu isə mədəniyyət naziri Adil Kərimlinin Əbülfəs Qarayevin mədəniyyətdəki biabırçılıqlarından birini aradan qaldırması yönündə bir addımı olar, nazirə mədəniyyət, incəsənət çevrələrində sayğını artırar.
Bəs növbəti dəfə bir az da irəli gedərək prezident seçkiləri dönəmində kinoteatrı özəlləşdirərək söküntü xəbərləri ilə gündəmə gətirən iş adamı kimdir?
Heftelik.az-ın qısa araşdırması zamanı məlum olub ki, “Dostluq” kinoteatrının xüsusi mülkiyyətinə keçirən Rasim Salmanovdur. Rasim Salmanov “Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi daha məşhur olub. 2017-ci ildə iş adamının baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevi həbs etdirməsi də diqqət çəkib. iş adamı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində arvadının bacısını və onun oğlunu “Bizim market” şəbəkəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edib.
Onu da qeyd edək ki, “Dostluq” kinoteatrının sökülərək yerində çoxmərtəbəli bina tikilməsi üçün hər şeydən əvvəl bu daşınmaz əmlakın növü, torpaq sahəsinin kateqoriyası dəyişdirilməlidir. Ancaq son proseslər göstərir ki, mədəniyyət naziri Adil Kərimli bu məsələdə prinsipial mövqe ortaya qoymaq niyyətindədir və “Dostluq” kinoteatrını baxımsız vəziyyətə salınaraq sonda sökülməsinə nail olmaq yönündə plan boşa çıxıb…
Yeri gəlmişkən, Bakıda “Pioner” kinoteatrının sökülərək yerində bina tikilməsi ilə bağlı da Heftelik.az-ın araşdırması zamanı da dolayı olaraq eyni ssenari, tanış sima, təcrübə nəzərə çarpıb. Ancaq sonda dövlətin ədaləti isə hər kəsə yerini göstərir.