Yazıçı, Kulis az saytının baş redaktoru Ulucay Akif “Kontakt Home” şirkətini sərt tənqid edib.

Heftelik.az-ın məlumatına görə, yazıçı “Facebook” sosial şəbəkəsində yazıb ki, kreditə bir dostu üçün telefon götürüb.

Yazıçı qeyd edib ki, “Kontakt Home”dan zəng eləmişdilər: “Dünən ödəniş olunmalıydı, ödəməmişəm.

Bu gün özümə zəng eləmək əvəzinə birbaşa evdəkilərə zəng eləyiblər. Telefonu götürdüm, dedim, ay qardaş, sən mənim özümə niyə zəng eləmirsən? Deyir, siz niyə ödənişi gecikdirirsiniz? Dedim, gecikdirirəm, cərimə yazırsınız, cəriməsiylə ödəyirəm də, nə minnətlə danışırsan? Sən birinci mənim özümə zəng eləməlisən.

Yenə deyir ki, yox, siz niyə gecikdirirsiniz? Dedim, yaxşı eləyirəm gecikdirirəm, sən kimsən mənlə belə danışırsan? Debil! Elə bil bunun özündən pul almışam, qaytarmıram. Ümumiyyətlə, bu bankların-filan operatorları adamla niyə elə minnətlə danışırlar ki, elə bil öz ciblərindən sənə pul veriblər?

Heç birinə imkan verməyin sizlə belə minnətlə danışsınlar. Hamısı qələt eləyir. Özünə də dedim. Gecikdirirsiniz, cərimə ödəyirsiniz, ən pis halda məhkəməyə verirlər. Amma qələt eləyib müştəriylə, vətəndaşla elə danışırlar”.

Rəylərdə bir çox sosial şəbəkə istifadəçiləri də “Kontakt Home”-dən şikayətləniblər. Məsələn, Ürfan Məmmədli “Kontakt Home”-nin məhsullarının çox keyfiyyətsiz olduğunu yazıb: “Kontakt Home” çox keyfiyyətsiz məhsullarla yaddaşımda dərin iz buraxıb: Görünür, xidmət keyfiyyətləri də məhsulları kimi qüsurludur. Artıq bir neçə ildir ki, bu mağazanın məhsullarını boykot etmişəm”.

Digər sosial şəbəkə istifadəçisi Əfqan Quliyev isə bildirib ki, “Kontak Home” mağazalarından nəsə almağı özünə “padlo” bilir: “Ciddi deyirəm. Ayıb bilirəm özümə”.

Müzakirələr zamanı “Kontakt Home”-nin sosial şəbəkəsindən məsələyə münasibət bildirilsə də, şirkət bu zaman da elə ilk mərhələdə özünü biabır edib, yazıçının adında səhv edib: “Akif bəy, salam. Qeyd edək ki, ödənişlərdə gecikmə yarandığı təqdirdə ilk olaraq, SMS vasitəsilə sizə xəbərdarlıq məqsədilə məlumat göndərilir. Bu proses davam etdiyi müddətdə isə artıq prosedur qaydalarına uyğun olaraq, partnyorluq etdiyimiz “Legal 12” hüquq agentliyinin əməkdaşları tərəfindən sizinlə və sənədləşmə zamanı təqdim etdiyiniz nömrələrlə əlaqə saxlamağa başlayır. Müqavilə şərtləri tam yerinə yetirildiyi zaman bu kimi hallar baş vermir”.

Ulucay Akif isə adının Akif deyil, Ulucay olduğunu vurğulayıb: “Müştərinizəm, adımı bilmirsiniz? Sizə də öyrətməliyəm? Qaldı ki, mənə nə zəng gəlib, nə də mesaj. Bu gün ödəyəcəkdim. Mənə zəng eləmədən ailəmə zəng eləmisiniz, indi qəsdən ödəməyəcəm”.

“Kontakt Home” isə üzr istəmək məcburiyyətində qalıb: “Ulucay bəy, texniki yanlışlıq üçün üzr istəyirik. Hüquq agentliyinin əməkdaşları ilk olaraq, sizin sistem üzrə qeyd olunan əsas nömrəniz ilə əlaqə saxlayıb. Əlaqə mümkün olmadığından, sənədləşmə zamanı təqdim etdiyiniz digər nömrəyə yığılıb. Əməkdaşlar prosedur qaydalarına uyğun olaraq məlumat təqdim edib…”.

Xatırladaq ki, bundan əvvəl tanınmış jurnalist Çingiz Səfərli “Kontakt Home” tərəfindən aldadıldığını bildirmişdi. Jurnalist mediaya açıqlamasında demişdi ki, “Kontakt Home” şirkəti Azərbaycan Respublikasının qanunlarını tanımır, alınan malların 14 gün ərzində qaytarılması ilə bağlı qanunvericiliyin tələbinə riayət etmir. O bildirib ki, “Kontakt Home”un İnşaatçılar filialından aldığı “Samsung A23” markalı mobil telefonu kamerasının zəif olması və batereyasının yaxşı saxlamaması səbəbindən qaytarmaq istəyib, lakin şirkət razılıq verməyib: “Əslində “Samsung A32” model telefon almaq istəyirdim. Onun çəkilişi qane etmişdi. Lakin mağazanın satıcısı A23 modellərinin daha yeni və eyni parametrlərə sahib olduğunu bildirdikdən sonra həmin modelin daha münasib olduğuna inanaraq aldım və həmin məhsulun kamerasını yenidən yoxlamağa ehtiyac duymadım. Məhsulu aldıqdan bir müddət sonra çəkilişin zəif olduğunu və aldadıldığımı başa düşdüm. İnternetdə araşdırma apararkən “Samsung A32” markalı telefonun 64, “A23”ün isə 50 meqapiksel foto çəkmək xüsusiyyətinə malik olduğunu öyrəndim. Eyni zamanda telefonun batareyasının da enerjini yaxşı saxlamadığını müşahidə etdim və bu səbəblərdən də məhsulu mağazaya qaytarmaq qərarına gəldim. Mağazada məni ekspertə yönləndirdilər. Həmin şəxs 10 dəqiqəyə yaxın əski ilə telefonu sildikdən sonra cavab verdi ki, bəs məhsulda guya nöqtə və cızıq aşkarladığı üçün bunu geri götürə və ya başqa bir model telefonla dəyişdirə bilməzlər. Beləliklə, adi gözlə görünməsi mümkün olmayan bir nöqtəyə görə mağazadan rədd cavabı aldım. Bu zaman mağazanın müdiriyyətinə “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu xatırlatdım və göstərdikləri səbəbin əsassız olduğunu bildirdim. Onlar isə dedilər ki, hara istəyirsiniz, şikayət edə bilərsiniz. Bizdə qaydalar belədir. Məhsul alınan gündən etibarən qoruyucu üzlük və qoruyucu örtük taxılıb. Göstərilən səbəblər tamamilə uydurma və məhsulu geri götürməmək üçün irəli sürülən bəhanədən başqa bir şey deyil. Şirkətin qanunvericiliyimizə məhəl qoymamasını, istehlakçılara bu cür münasibətini nəzərə alsaq, “Kontakt Home”dan məhsul almaq istəyərkən iki və daha çox dəfə düşünmək və oradan heç bir şey almamaq lazımdır…”.

Bir sözlə, artıq “Kontakt Home”yazıçıların və jurnalistlərin əsəbiləriylə oynamağa da başlayıb.

Qeyd edək ki, “Kontakt Home”-nin sahibi kimi məşhurlaşan deputat da az əvvəl parlamentin yaz sessiyasının ilk iclasında qalmaqallı çıxışı ilə yadda qalıb. Söhbət Elnur Allahverdiyevdən gedir. Elnur Allahverdiyev faktiki olaraq pul müqabilində hərbi xidmətə getməməyi təklif edib.

Deputat az əvvəl isə bir zaman “Kontakt Home”-da yüksək vəzifədə çalışmış yaxın qohumlarının pula görə  səs-küylü qətl törətməsi ilə də gündəmə gəlib.  Söhbət rəssam-modelyer Elnarə Bəkirovanın atasını 285 min manatı ələ keçirmək üçün öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işindən gedir. Mustafa Zeynalov Elnur Allahverdiyevin dayısıdır. Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.