Qeyri-kommersiya qurumunun ləğv prosesində olması barədə məlumatın qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən imzalanmış və qurumun möhürü ilə təsdiq olunmuş ərizə Ədliyyə Nazirliyinə müraciət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur (hər birinin adı və vərəqlərinin sayı göstərilməklə):
– ləğvetmə qərarı;
– ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-1-ci maddəsi ilə nəzərdə tutulmuş halda auditor rəyi);
– Azərbaycan Respublikasında qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi “Ədliyyə” qəzetində qeyri-kommersiya qurumunun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd (qəzetin nömrəsi (sayı) və tarixi göstərilməklə) və möhür.
Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən verilmiş arayış təqdim edilməlidir.