Milli Məclisin deputatı Rüfət Quliyev fevralın 13-də Lənkəran şəhəri deputat ofisində seçicilərlə görüş keçirib.

Heftelik.az-ın məlumatına görə, görüşdə  qazilər, şəhid ailələri və yerli vətəndaşlar iştirak edib.

Rüfət Quliyev çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib. Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə keçirilməsi baxımından tarixi önəm daşıyan bu seçkilər Azərbaycan xalqının dəyərlərə bağlılığını, cəsarətini və müdrikliyini bir daha nümayiş etdirdi. Deputat dövlətimizin sosial siyasətindən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan, icra edilən sosial layihələrin geniş miqyas almasından bəhs edib. Prezident İlham Əliyevin apardığı uğurlu sosial siyasət nəticəsində vətəndaşların həyat səviyyəsinin günü-gündən yüksəldiyini qeyd edib.

Görüş zamanı sakinləri narahat edən problemlər dinlənilib. Hər bir seçicinin toxunduğu məsələlər ətrafında müzakirə aparılıb. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Ən müxtəlif mövzular  üzrə müraciət edən seçicilərin qayğıları ilə maraqlanan Rüfət Quliyev əlaqədar dövlət orqanlarının rəhbərləri və səlahiyyətli şəxslərlə telefonla danışıb. Deputat sakinlərin iş, hüquqi məsləhət, sosial məsələlərlə və digər sahələrlə bağlı qaldırdığı bir sıra məsələləri diqqətlə dinləyib və qeydiyyata aldırıb.

Müraciətlərdən bir neçəsi yerindəcə həllini tapıb qalan müraciətlərin həlli ilə bağlı  aidiyyatı  qurumlara müraciət ediləcəyi bildirilib.

Seçicilər səmimi qəbula görə Milli Məclisin deputatı Rüfət Quliyevə minnətdarlıqlarını bildirib və müraciətlərinin qısa zamanda öz həllini tapacağına əminliklərini ifadə ediblər.