Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinin üçüncü mərhələsi təşkil edilib.
Heftelik.az-ın məlumatına görə, Goranboy rayonunun Veyisli kənd tam orta məktəbində təşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında qonaqlara və iştirakçılara layihə haqqında ətraflı məlumat verib.
Daha sonra Goranboy rayonunun Qızılhacılı qəsəbə şəhidi Nofəl Nuriyevin anası Fatma Nuriyeva şəhidlərə və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən qayğıdan ətraflı söz açıb, bu cür layihələrin əhəmiyyətini vurğulayıb. Çıxış edən Vətən müharibəsi iştirakçıları Tural Namazov və Paşa Həsənov keçdikləri döyüş yolu barədə ətraflı məlumat verib, layihənin əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıblar.
Tədbirin ikinci hissəsində vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində Goranboy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin əməkdaşı, təlimçi Sevlan Rüstəmli tərəfindən “Vətən və vətənpərpərvərlik” mövzusunda təlim keçirilib, daha sonra isə intellektual yarış təşkil edilib.
Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə edəcək “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak edir.