“Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin rəisi Qoçəli Mahmudovun oğlu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) vitse-prezident olmaq istəyirmiş.
Heftelik.az-ın məlumatına görə, bu, Bakı Ağır Cinayətlər Məhkəməsində Aidə Seyfullayeva ilə bağlı məhkəmə prosesində məlum olub.
Azər Tağıyevin sədrlik etdiyi məhkəmə Aidə Seyfullayeva barəsində hökm verib, o, 7 il müddətinə azadlıqdan məhrum edib.
Aidə Seyfullayeva Cinayət Məcəlləsinin külli miqdarda olmaqla dələduzluq etməkdə təqsirləndirilib. O, “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin rəisi Qoçəli Mahmudovun oğlu Tosifi SOCAR-da yüksək vəzifəyə (vitse-prezident) düzəltmək vədiylə 150000 manat tələb edib, həmin məbləğin 89.200 manatını alıb.
Xatırladaq ki, A.Seyfullayeva 2018-ci ildə də dələduzluq əməlinə görə mühakimə olunub.
Onu da əlavə edək ki, Qoçəli Mahmudovun qaynı Daşqın İskəndərov SOCAR prezidentinin müşaviridir.