Azərbaycan Respublikasına hər hansı bir ölkədən ilk dəfə idxal ediləcək yeni bitki və bitkiçilik məhsulları üzrə zərərli orqanizmlərin fitosanitar risk təhlilinin nəticələrinə dair müvafiq arayışı (hesabatı) ixrac edən ölkənin Bitki Mühafizəsi üzrə Milli Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə  təqdim edilməli və dəyərləndirdikdən sonra daşıdığı risk məqbul olduğu halda idxalına icazə verilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.

Azərbaycan Respublikası ərazisinə idxal edilmiş karantin nəzarətində olan yük partiyalarında karantin tətbiq edilən canlı zərərli orqanizmlər və ya digər uyğunsuzluqlar aşkar olunduqda, məhsulun tara ilə birlikdə fitosanitar nəzarəti məntəqələrində və ya təyinat yerlərində zərərsizləşdirilməsi, seçilməsi və ya yenidən qablaşdırılması, digər məqsədlə istifadəsi üçün emala göndərilməsi, bunlar mümkün olmadığı halda isə idxalçının istəyi nəzərə alınmaqla geri qaytarılması və ya tara ilə birlikdə məhv edilməsi barədə Agentlik tərəfindən müvafiq Qərar qəbul olunur.