Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:
– şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
– şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
– şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti;
– şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda Mülki-Prosessual Məcəllədə nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
– şikayətə əlavə edilən sənədlərin siyahısı.