Rusiyanın Volqoqrad vilayətinin Voljsk şəhər məhkəməsi əvvəllər məhkum olunmuş 24 yaşlı Azərbaycan vətəndaşına hökm çıxarıb.
Heftelik.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan vətəndaşı Axundov Ələkbər İlqam oğlu 50 yaşlı məşuqəsini vəhşicəsinə qətlə yetirməkdə və sonradan qarət etməkdə təqsirli bilinib.
Ələkbər Axundov törətdiyi əməldə günahını tamamilə etiraf edib və məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Amma hökm qanuni qüvvəyə minməyib və ona şikayət verilə bilər.
Məhkəmə müəyyən edib ki, azərbaycanlı müttəhim vaxtaşırı pul müqabilində yaşlı qadınlarla intim münasibətdə olub.
İstintaqın məlumatına görə, 2023-cü il martın 27-də müttəhim 50 yaşlı sevgilisini ziyarət edib. Ziyafət zamanı qadın sevgilisinə başqa qadınlarla da yaxınlıq etdiyinə görə etiraz edib. Bu zaman cütlük arasında münaqişə yaranıb. Ələkbər Axundov mənzil sahibinin sifət nahiyəsinə bir neçə zərbə vurub, daha sonra isə bıçağı götürərək sevgilisinin baş və bədənin müxtəlif nahiyələrinə 20-dən çox zərbə endirib. Öz sözlərinə görə, o çoxsaylı zərbələri ilə sadəcə qadını əzabdan xilas etmək istəyirdi.
Qətldən sonra gənc oğlan dava zamanı o qadının üzəridəki qızıl boyunbağı və bilərziyi götürüb, həmçinin mənzildən digər qızıl-zinət əşyaları, mobil telefon və musiqi səsgücləndiricisini aparıb. O qarət etdiyi əşyaları sonradan satıb və pulu öz ehtiyaclarına xərclədiyini etiraf edib.