Uyğunsuzluq aşkarlanmış karantin nəzarətində olan yük partiyasına münasibətdə həyata keçirilən tədbirlər hüquqi və fiziki şəxslərin (yük sahiblərinin) hesabına aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Azərbaycan Respublikasının ərazisinə gətirilən çox dövriyyəli taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartına (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) uyğun olaraq aşağıdakı tələblərə cavab verməlidir:
– taxta qablaşdırma materialları istiliklə işlənmiş və ya fumiqasiya edilmiş olmalıdır;
– “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın loqosundan və 3 koddan (ölkə, istehsalçı və tətbiq edilmiş üsul) ibarət 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartında göstərilmiş formaya uyğun möhürlə rəsmi markalanmalıdır. Marka oxunaqlı olmalı və əl ilə çəkilməməlidir;
– qabığı soyulmuş ağacdan hazırlanmalı və üzərində eni 3 sm-dən və ümumi sahəsi 50 sm2-dən böyük qabıq parçaları olmamalıdır.
Qeyd edilmiş tələblər aşağıdakılara şamil edilmir:
– qalınlığı 6 mm və daha az olan ağacdan hazırlanmış taxta qablaşdırma materiallarına;
– spirtli içkilər üçün nəzərdə tutulmuş və termiki emaldan keçmiş çəlləklər, hədiyyə üçün qutular, taxta yonqar və taxta yun, yük maşınlarına və konteynerlərə qalıcı (daimi) olaraq bərkidilən taxta komponentləri, hazırlanması zamanı kimyəvi maddələrdən və digər emal üsullarından istifadə edilməklə hazırlanmış fanera, DSP, DVP və bu kimi materiallara.