“Kontakt Home” şirkətindən şikayətlər artmağa, bu sırada kurnalistlərin, yazıçıların da sayı artmağa davam edir.
Heftelik.az-ın məlumatına görə, “Kontakt Home” şirkətinin növbəti hədəfi “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli olub.
Elşad Məmmədli Facebook paylaşımında yazıb ki, “Kontakt Home” adlı bir şirkət açıq-aydın soyğunçuluqla, fırıldaqla məşğuldur: “Ailə üzvlərimiz kreditlə telefon götürüblər. Demək, 25 yanvarda zəng elədilər ki, gecikmələrinizlə birlikdə 160 manat ödənişiniz var, onu ödəyin. Ödədim dedikləri məbləği, tam olaraq. Dedilər ki, növbəti ay üçün sadəcə ödənişiniz qalıb. Üstündən 20 gün keçir bu gün, yəni bir aylıq period da yoxdur heç, zəng ediblər ki, yenə 166 manat borcunuz var. Əməkdaş heç cür izah edə bilmədi ki, bu anormal – 20 günlük period və 20 gündən bir cərimə tətbiqləri, ötən ay bütün cərimələr ödəndiyi halda yeni cərimə yazmaları nə səbəbdəndir. Deyir, üst-üstə son ilyarımda 60 gün gecikmə var, günə 0.5 manat faiz hesablanır. 60 günə bu eləsin 30 manat. Mənə isə 2 ayda 350 manata yaxın ödəniş etdiriblər və həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq, gedin təzədən kredit ödəyin… Təpəniz haqqı, mən bundan sonra ümumiyyətlə sizə 1 qəpik də pul ödəməyəcəm!”.
Jurnalist Nicat Dağlar da “Kontakt Home”-dən şikayətlənib: “Biz də bu günlərdə elektrik çayniki almışıq. Xarab çıxdı. Aparıb vermişəm özlərinə, göndəriblər öz emalatxanalarına. Dünən zəng ediblər ki, gəlin götürün. Deyirəm mən təmir olunmuş malı istəmirəm, qızıl zəmanət əsasında yenisini istəyirəm. Deyirlər yox ey, gəlin bunu götürün. İndi mən qızıl zəmanətin pulunu niyə ödəmişəm?. KontaktHome istehlakçı hüquququnun pozulması halını necə izah edə bilər?”.
Qeyd edək ki, bundan əvvəl yazıçı, Kulis az saytının baş redaktoru Ulucay Akif “Kontakt Home” şirkətini sərt tənqid edib. Rəylərdə bir çox sosial şəbəkə istifadəçiləri də “Kontakt Home”-dən şikayətləniblər. Məsələn, Ürfan Məmmədli “Kontakt Home”-nin məhsullarının çox keyfiyyətsiz olduğunu yazıb: “Kontakt Home” çox keyfiyyətsiz məhsullarla yaddaşımda dərin iz buraxıb: Görünür, xidmət keyfiyyətləri də məhsulları kimi qüsurludur. Artıq bir neçə ildir ki, bu mağazanın məhsullarını boykot etmişəm”.
Digər sosial şəbəkə istifadəçisi Əfqan Quliyev isə bildirib ki, “Kontak Home” mağazalarından nəsə almağı özünə “padlo” bilir: “Ciddi deyirəm. Ayıb bilirəm özümə”.
Xatırladaq ki, bundan əvvəl tanınmış jurnalist Çingiz Səfərli “Kontakt Home” tərəfindən aldadıldığını bildirmişdi. Jurnalist mediaya açıqlamasında demişdi ki, “Kontakt Home” şirkəti Azərbaycan Respublikasının qanunlarını tanımır, alınan malların 14 gün ərzində qaytarılması ilə bağlı qanunvericiliyin tələbinə riayət etmir. O bildirib ki, “Kontakt Home”un İnşaatçılar filialından aldığı “Samsung A23” markalı mobil telefonu kamerasının zəif olması və batereyasının yaxşı saxlamaması səbəbindən qaytarmaq istəyib, lakin şirkət razılıq verməyib: “Əslində “Samsung A32” model telefon almaq istəyirdim. Onun çəkilişi qane etmişdi. Lakin mağazanın satıcısı A23 modellərinin daha yeni və eyni parametrlərə sahib olduğunu bildirdikdən sonra həmin modelin daha münasib olduğuna inanaraq aldım və həmin məhsulun kamerasını yenidən yoxlamağa ehtiyac duymadım. Məhsulu aldıqdan bir müddət sonra çəkilişin zəif olduğunu və aldadıldığımı başa düşdüm. İnternetdə araşdırma apararkən “Samsung A32” markalı telefonun 64, “A23”ün isə 50 meqapiksel foto çəkmək xüsusiyyətinə malik olduğunu öyrəndim. Eyni zamanda telefonun batareyasının da enerjini yaxşı saxlamadığını müşahidə etdim və bu səbəblərdən də məhsulu mağazaya qaytarmaq qərarına gəldim. Mağazada məni ekspertə yönləndirdilər. Həmin şəxs 10 dəqiqəyə yaxın əski ilə telefonu sildikdən sonra cavab verdi ki, bəs məhsulda guya nöqtə və cızıq aşkarladığı üçün bunu geri götürə və ya başqa bir model telefonla dəyişdirə bilməzlər. Beləliklə, adi gözlə görünməsi mümkün olmayan bir nöqtəyə görə mağazadan rədd cavabı aldım. Bu zaman mağazanın müdiriyyətinə “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu xatırlatdım və göstərdikləri səbəbin əsassız olduğunu bildirdim. Onlar isə dedilər ki, hara istəyirsiniz, şikayət edə bilərsiniz. Bizdə qaydalar belədir. Məhsul alınan gündən etibarən qoruyucu üzlük və qoruyucu örtük taxılıb. Göstərilən səbəblər tamamilə uydurma və məhsulu geri götürməmək üçün irəli sürülən bəhanədən başqa bir şey deyil. Şirkətin qanunvericiliyimizə məhəl qoymamasını, istehlakçılara bu cür münasibətini nəzərə alsaq, “Kontakt Home”dan məhsul almaq istəyərkən iki və daha çox dəfə düşünmək və oradan heç bir şey almamaq lazımdır…”.
Qeyd edək ki, “Kontakt Home”-nin sahibi kimi məşhurlaşan deputat da az əvvəl parlamentin yaz sessiyasının ilk iclasında, prezident seçkiləri dönəmində qalmaqallı çıxışı ilə yadda qalıb. Söhbət Elnur Allahverdiyevdən gedir. Elnur Allahverdiyev faktiki olaraq pul müqabilində hərbi xidmətə getməməyi təklif edib.
Deputat az əvvəl isə bir zaman “Kontakt Home”-da yüksək vəzifədə çalışmış yaxın qohumlarının pula görə səs-küylü qətl törətməsi ilə də gündəmə gəlib. Söhbət rəssam-modelyer Elnarə Bəkirovanın atasını 285 min manatı ələ keçirmək üçün öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işindən gedir. Mustafa Zeynalov Elnur Allahverdiyevin dayısıdır. Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.