Fevralın 7-i müasir Azərbaycan tarixinə yeni əlamətdar gün kimi düşdü. Həmin gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Çox yüksək seçici fəallığı ilə (76,43 faiz) keçən bu seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçi, eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektinnin 217 təmsilçi də bu seçkiləri izlədilər.
Zəfər seçkiləri adlandırılan bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazisində, o cümlədən işğaldan azad edilən ərazilərdə də keçirildi. Hesab edirəm ki, seçki günü ən əlamətdar hadisə ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi oldu. Bu, sıravi bir hadisə deyildi. Prezidentin Xankəndində səs verməsi “erməni separatçılarının tabutuna vurulan son mismar” idi. Prezident o binada səs verməklə həm Ermənistana, həm də onun xarici havadarlarına mesaj vermiş oldu – Bu torpaqların gerçək sahibləri bizlərik və bu dünya durduqca belə olacaq.
Fevralın 14-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Prezident İlham Əliyev andiçmə mərasimində gələcəkdə görüləcək işlər, həyata keçiriləcək siyasətlə bağlı geniş məzmunlu nitq söylədi. Ölkə başçısının çıxışındakı bəzi məqamları xüsusi qeyd etmək lazımdır. Cənab Prezident bildirdi ki, “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur”.
Bu gün Azərbaycan cəmiyyətində çox müsbət ab-hava mövcuddur və bu hal hər birimizi sevindirir. Güclü Azərbaycan hər zaman hədəflərimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Bu işlərdə də ölkəmiz öz gücünə arxalanmalı idi.
Prezidentimizin də vurğuladığı kimi, növbəti illərdə ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Beləliklə, qarşıda duran illərdə ordu quruculuğu prosesi davam etdiriləcək və ölkəmizin dövlət büdcəsində hərbi xərclərə lazımı qədər vəsait nəzərdə tutulub. Ölkədə güclü hərbi sənaye kompleksi yaradılıb və bu istiqamətdə görülən işlərin birinci mərhələsi uğurla başa çatıb, qarşıya yeni vəzifələr qoyulub. Bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və ordumuz bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin ediləcək, daha böyük həcmdə ixrac ediləcəkdir. Ən əsası isə böyük dərəcədə xarici asılılıqdan xilas olunacağıq.
Prezidentin gələcək fəaliyyətinin ən mühüm istiqamətlərindən biri, deyərdim ki, başlıcası məhz ölkənin xarici siyasətidir. Çünki xarici siyasət, daxili siyasətin davamıdır. Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Bu gün dünya ictimaiyyəti ölkəmizin siyasətini bəyənir və onu dəstəkləyir. Bu dəstəyin nəticəsi idi ki, 155 ölkə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə səs verdi. 120 ölkənin dəstəyi ilə ölkəmiz Qoşulmama Hərəkatına sədr seçildi və nəhayət dünya ölkələri tərəfindən ölkəmizin COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu da ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin nüfuzu və hörməti sayəsində mümkün olmuşdur.
Ölkə başçısı öz çıxışında beynəlxalq təşkilatlarla bağlı atılacaq addımlardan danışaraq qeyd etdi ki, ölkəmiz Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səylərimiz davam etdirəcəkdir. Ölkəmiz hər zaman bu təşkilatların dəstəyini görüb və gələcəkdə də onlarla əlaqələr daha da genişlənəcəkdir. Eyni zamanda Qoşulmama Hərəkatında da işlər davam etdiriləcəkdir.
Çıxışının sonunda isə Prezident İlham Əliyev xüsusi vurğuladı: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü