Sabah Milli Məclisin iclası keçiriləcək.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, iclas saat 10.00-da başlayacaq.
İclasda Prezident İlham Əliyevin Baş nazirin təyinatı ilə bağlı təqdim etdiyi məsələyə baxılacaq.
Qeyd edək ki, fevralın 14-də növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Konstitusiyanın tələbinə uyğun olaraq Nazirlər Kabineti fevralın 14-də istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisin müzakirəsinə təqdim edir.