Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahidlər təqsirləndirilən Dəyanət Qüdrətovun silahı necə alması barədə danışıb.

Ruhlan İsmayılovun silah almaq üçün müraciət etdiyi ovçu-balıqçı mağazasının sahibi Əlövsət Bağırov ifadə verib:”Bir dəfə tanımadığım biri mənə yazdı. Bununla danışdıq. Silah almaq istəyirdi. Özünü Ruhlan kimi təqdim eləmişdi. Dedi 3 dost ova getmək istəyirik. İki dostumda silah var, ancaq mənim yoxdur. Məndə ovçu-balıqçı ləvazimatları mağazası olduğu üçüb silah satmağıma icazə yoxdur. Ona görə də Ruhlanı Zamiqin ovçu mağazına apardım. Ruhlan sənədlərini yığdı lazımı yerlərə göndərdik. Ancaq Ruhlanın psixoloji problemi çıxdı. Ona görə ona silah satışı etmək olmazdı. Üstündən bir müddət keçdi. Mənə yenə yazdı. Keçmiş mesajlara baxdım. Gördüm ki, əvvəllər danışmışıq. Mənə dedi ki, dostum silah almaq istəyir. Dedim gəlin mağazaya danışaq. Ruhlan öz maşını ilə gəlmişdi. Arxada da Dəyanət oturmuşdu. Yenə bu ikisin Zamiqin mağazasına apardım. Dəyanət sənədlərini verdi. Ona müsbət cavab gəldi. Yəni heç bir problem yox idi. Yenə onları götürüb həmin mağazaya getdik. Yolda Ruhlan pulu mənə verdi. Mağazada “AKS” markalı yarı avtomat ov tüfəngi aldı. 3 min 500 ya da 3 min 600 manat pul verdim. 3 qutu da güllə götürdülər. Silahı alanda bir saat Dəyanətlə söhbət etdik. Necə istifadə edə bilər, harada istifadə edə bilər barədə danışdıq. Dəyanət mənə dedi ki, polisə sənəd verib. Soruşanda nə ovuna gedəcəksiz dedilər ki, qaban ovuna gedəcəyik”.

İfadə verən Xəndan Səfərəliyev D.Qüdrətovun silah aldığı ovçu-balıqçı mağazasında satıcı kimi işlədiyini bildirib:

“Təqsirləndirilən şəxslərdən sadəcə, Dənayəti tanıyıram. Silah almaq üçün bizim mağazaya müraciət etmişdi. Yarı avtomat “AKS” markalı tüfəng istəyirdi. Silaha təxmini 3 min 300 manat pul verdi. Pulu bizə Əlövsət verdi. Dəyanətdən qabaq Ruhlan bizim mağazaya müraciət etmişdi. Onun sənədlərində problem oldu deyə ona silah satmadıq. Sənədlərində psixi-narkoloji problemi olduğu qeyd olunmuşdu. Dəyanət sənədlərini verəndə onda heç bir problem çıxmadı. Silahı alanda onunla məlumat vermək üçün bir saat söhbət etdik. Dəyanətin götürdüyü güllələr heyvan öldürmək üçün nəzərdə tutulmuşdu”.

Ovçu mağazasının sahibi Zamiq Səfərəliyev isə ifadəsi zamanı işçilərin hadisədən sonra ona bu barədə məlumat verdiyi deyib.

“Bravo” hipermarketində mühafizəçi işləyən Elvin Abdullayev ifadə verib: “İşdə idim. Birdən səs-küy gəldi. Keçdim maşının arxasına. 3-4 güllə səsi eşidildi. Dəyanəti arxadan gördüm. Aramızda 20-30 metr məsafə vardı. Ruhlanı da arxadan görürdüm sonra çevriləndə üzünü gördüm. Daha sonra kameraya baxmağa getdik. Dəyanət güllə atmaq istəyəndə gülləsi açılmadı. Ruhlan inkassatora güllə atdı. Sonra getdilər”.

Daha sonra hadisədə istifadə edilən “Opel” markalı avtomobilin keçmiş sahibi Eyvaz Əliyev ifadə verib. O, maşını bazarda tanımadığı adama satdığını deyib.

Məhkəmə prosesi fevralın 21-də davam etdiriləcək.

Xatırladaq ki, hadisə ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib. Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda pul vəsaiti ələ keçirilib.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb edilib.

Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər – Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi – Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə, barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.