Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror Samir Məmmədov çıxış edib.

Dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.

Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona CM-nin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.