Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirən “Xalqın mədəni sərvəti” layihəsi əbədiyaşar bəstəkarımız, SSRİ Xalq artisti Qara Qarayeva həsr olunub.

Filarmoniyanın mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, layihənin ikinci günü Gəncə Mall-da Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbi, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi və Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə baş tutan layihə çərçivəsində Azərbaycanın əbədiyaşarları müxtəlif mədəniyyət müəssisələri, musiqi məktəbləri, istirahət mərkəzlərində gənc nəsil tərəfindən təbliğ olunur.